Menü Kapat

HTML dilində linklər bir veb səhifədən digərinə keçid rolunu oynayır. Lakin onların da  özlərinə məxsus növləri vardır:

  1. bir veb saytından digərinə keçməyə
  2. eyni sayta aid olan bir veb səhifədən digərinə keçməyə
  3. veb səhifənin bir hissəsindən digər hissəsinə keçməyə istifadə olunan linklər.
  4. Linklər də vardır ki, tamamilə yeni brovser pəncərəsində açılır.
  5. Hansısa bir veb səhifəyə daxil olarkən altdan kiməsə mail yazmaq üçün link vasitəsilə verilən ünvanlar da çox görülmüş hallardandır.

Beləliklə, ümumiləşmə apararsaq, linklərin beş növü ilə tanış olduq.

Kodda linklərdən necə istifadə etməli?

Linkləri koda daxil etmək üçün təbii ki ona xas bir element olmalıdır. Bu <a> elementidir. Önəmli məqam burada odur ki, linki koda daxil etmək üçün atributlardan istifadə etməliyik. Burada istifadə olunacaq atributun adı “href” dir. Daha sonra isə keçən dərslərdə qeyd olunduğu kimi atributun qiyməti göstərilməlidir. Və bu qiymət təbii ki dirnaq işarələri daxilində lazımi link olacaqdır.

Linki atribut kimi veririksə, istifadəçi bunu veb səhifədə görməyəcəksə, onu qeyd etmənin mənası nədədir?

Hər hansı bir söz və ya cümlə hansıkı <a>elementinin açılış və qapanış teqləri arasında qeyd olunub, rəngi göy və altdan xətt çəkilmiş formada istifadəçiyə təqdim olunur. Kursoru həmin sözün üzərinə gətirib ona daxil olduqda isə yeni bir səhifə açılacaqdır.

Qeyd olunan linklərin yazılış formasında da xüsusi qaydalar izlənilməlidir. Əgər ki, link bir veb saytdan digər veb sayta keçid rolunu oynayırsa, bu zaman həmin veb saytın tam URL– dən istifadə olunmalıdır.

Bəs tam URL nədir?

Bu hərkəsə məlumdur ki, hər bir veb saytın özünəməxsus URL-i yəni veb adresi vardır. Əgər ki həmin URL saytın əsas adı ilə başlayıb, lazımi səhifəyə doğru ardıcıl addımları izləyirsə, bu həmin veb saytın tam URL-i olacaqdır. Məsələn, “http://www.metacritic.com”.

Əlaqədar URL nədir?

Link eyni sayt daxilində bir veb səhifədən digər səhifəyə keçid rolunu oynayırsa, bu zaman əlaqədar URL-dən istifadə olunur. Əlaqədar URL-də isə saytın əsas hissəsini vurğulamağa ehtiyac yoxdur. Çunki hər iki səhifə eyni sayta məxsusdur. Məsələn, “index.html”. Əlaqədar URL bir növ tam URL-in qısaldılmış formasıdır.

Bəzən elə olur ki, hansısa bir məqalədə kiməsə mail atmaq üçün altdan xətt çəkilmiş göy rəngli ifadələrlə rastlaşırıq. Həmin ifadələrə daxil olduqda yeni bir səhifədə maili göndərəcəyiniz adres yuxarıda sahə və aşağıda da mailin məğzini yazmağa sahə ayrılır. Bu da eyni qaydanı yəni <a> elementindən və href atributundan istifadə etməklə yaranır. Sadəcə fərq ondadır ki, bu zaman href atribitunun qiymətini yazacağımız hissəyə mailto hissəciyini əlavə etmək daha məqsədyönlüdür. Məsələn, <a href=“mailto:esmeralda@nümunə.org” Esmeralda Aliyeva</a>.

Və yuxarıda qeyd olunduğu kimi sonuncu növ linklərsə, istifadəçini  tamamilə yeni bir brovser pəncərəsinə yönləndirən linklərdir. Əslində bu növ linklərdən istifadə etmək çox məsləhət görülməsə də, bilməkdə fayda vardır. Bu zaman yeni bir atribut növündən target-dən istifadə olunur. İngiliscədən tərcümədə hədəf mənasını verən target atributunun elə bir qiyməti vardır ki, ( _blank) o sadəcə orada formal olaraq istifadə olunur. Beləliklə, <a> elementi daxilində iki atributdan istifadə olunur. Məsələn, <a href= “hansısa bir link” target=“_blank”>İnternet</a>.