Menü Kapat

HTML dilində düzgün siyahı və cədvəl qurmaq üçün bəzi qaydalar gözlənilməlidir. Belə ki siyahı formasında yazılışın üç növü vardır: sıralı, sırasız və tərif siyahıları. İlk öncə sıralı və sırasız siyahıların başlıca fərqlərinə baxarsaq, sıralı siyahıda siyahının hər bir sətr nümayəndəsi rəqəmlə başladığı halda, sırasız növündə içi dolu dairələr nəzərə çarpar. Tərif siyahıları isə daha çox terminoloji lüğətlərin strukturları ilə üst-üstə düşür. Yəni tərifi veriləcək söz bir qədər öndə, həmin sözün tərifinin hər bir cümləsi  isə bütünlükdə qabağa doğru itələnmiş formada istifadəçiyə təqdim olunur. Onların kodda yazılış formalarında da müəyyən qaydalar izlənilməlidir.

Sıralı siyahı ingiliscədən “Ordered list“ ifadəsindən götürüldüyünə görə bu ifadənin baş hərfləri koda daxil edeceyimiz element olacaqdır. Sıralı siyahı <ol> elementinin köməkliyi ilə yaranır. Sadəcə olaraq bir nüans mütləq vurğulanmalıdır ki, <ol> teqi açıldıqdan sonra hər bir siyahı elementinin qarşısında <li> elementi açılıb bağlanmalıdır. Onda burdan belə bir nəticəyə gələ bilərik ki, siyahıya neçə sətr daxildirsə, o qədər də <li> elementi açılıb bağlanmalıdır. Və sonda təbii ki, <ol> elementinin bağlanış teqindən istifadə olunmalıdır.

Sırasız siyahı ingiliscədən “Unordered list” ifadəsindən götürüldüyünə görə kodda sırasız siyahıdan istifadə edərkən <ul> elementinin açılış teqi ilə işə başlanılır. Yuxarıda qeyd olunduğu kimi siyahının sətirlərinin hər biri isə <li> elementinin açılış və bağlanış teqləri arasında yazılmalıdır.

Tərif siyahıları isə bir qədər fərqli qayda ilə tətbiq olunur. Onun digərləri ilə oxşar cəhəti odur ki, ingiliscədən “Definition list” ifadəsindən götürüldüyünə görə <dl> elementinin açılış teqindən ilk addımda istifadə olunacaqdır. Daha sonra isə onu qeyd etmək lazımdır ki, burda artıq <li> elementindən istifadə olunmur, çunki yazıdakı struktur sıralı və sırasız siyahılardan tamamilə fərqlidir. Burda iki cür element <dt> və <dd> elementlərindən istifadə olunur. Bəs onların mənası nədir? <dt > elementi (definition termin) akademik konsepti, yəni hansısa bir sahəyə maxsus olan sözün özünü, <dd>(definition) elementi isə həmin terminin tərif hissəsini əhatə etməlidir.

Atributlar nədir?

Atributlar hansısa element daxilində  əlavə bir məlumat daşıyır. Atributun iki hissəsi olur: adı və qiyməti. Ən önəmli məqam odur ki, atributlar elementin sadəcə açılış teqində mövcuddur. Burada bərabərlik işarəsindən də istifadə olunur. Məsələn, hansısa <p> elementi daxilində bir atributdan istifadə edək: <p lang=“en-us”>Mətn</p> Gördüyümüz kimi burada lang atributun adı, dırnaq içi daxilindəki ifadə isə həmin atributun qiymətidir. Lang language sözündən götürülmüşdür və dil deməkdir. Ümumilikdə atributun verdiyi məna odur ki, açılmış p teqini izləyən mətn ingilis dili əlifbası ilə yazılmalıdır. Əslində brovser bunu istifadəçiyə təqdim edəndə təbii ki bu atribut mətn daxilində görünməyəcək. O, sadəcə koda nəzər saldıqda görünüb əlavə məlumat vermə xarakterinə malik olacaqdır.

Daha bir atributa nəzər salaq. Ötən dərslərin birində haqqında söz gedən <abbr> elementinin də atributu vardır. <abbr title=“Doctor”> bu kod parçasına nəzər salsaq title atributun adı, Doctor isə həmin atributun qiymətidir. Təbii ki yenə də istifadəçi bu atributu veb səhifədə görməyəcəkdir. Bu ancaq və ancaq koda nəzər saldıqda mövcud olub, əlavə məlumat olaraq yazılmış abriviaturanın tam formasını istifadəçiyə təqdim edir.

Daha bir atribut <blockquote> elementində istifadəyə verilir. Bildiyiniz kimi blockquote elementindən kiminsə dediyi bir fikrə əsaslananda, sözü gedən mövzuya kiminsə aforizmlərinə istinad etməklə nümunə gətirdikdə istifadə olunurdu. Həmin müəllifə haqq qazandırmaq üçün bəzən həmin aforizmin mövcud olduğu veb ünvanını yəni linki qeyd etmək lazım gəlir. Bu zaman təbii ki link əlavə məlumat vermə xarakterini daşıyır, yəni veb səhifə də mövcud olmamalıdır, o yalnız istifadəçinin ehdiyac duyduğu halda səhifənin HTML koduna nəzər saldığı anda görsənməlidir. Bunun üçün də blockquote elementinin açılış teqi daxilində bu qayda izlənilir: <blockquote cite= “link”>. Burada cite atributun adı, hər hansı bir link isə həmin cite atributunun qiyməti olur.