Menü Kapat

Ötən dərslərdən aydın olduğu kimi bəzi markaplar da vardır ki, onlar veb səhifənin görünüşündə heç bir dəyişiklik etmir, yəni onun strukturuna təsiri yoxdur. Bunlar semantik markaplar hesab olunur. Bəs semantik markaplar özləri nə işə yarayır? Onlar sadəcə istifadəçiyə əlavə məlumat ötürmə xarakterlidir. Və bir nüansı da qeyd etməli ki, onlar veb səhifənin HTML koduna baxdıqda nəzərə çarpılır. Elə isə bir- bir semantik markapların növləri ilə tanış olaq:

  1. <strong>– markapı ingiliscədən tərcümədə güclü deməkdir. Mətndə <strong> və </strong> teqləri arasında olan hər bir söz Bold yəni qalınlaşdırılmış bir şəkildə istifadəçiyə təqdim olunur. Strong semantik markapından istifadə etməkdə məqsəd isə hansısa bir ifadənin və ya sözün önəmliliyini gözə çarpdırmaqdır. Məsələn, bəzi testlərdə şagirdlər sualın şərtini oxuyarkən “hansılar düzgün ifadə deyil “ deyilməsinə baxmayaraq, düzgün fikirləri seçirlər. Burada “deyil” sözü ona görə də adətən strong daxilində verilir ki, açıq-aşkar nəzərə çarpılsın.
  2.  Növbəti iki semantik markap <blockquote><q> markaplarıdır. Bu iki markapdan müqayisəli bəhs etmək daha məqsədəuyğun və tez başa düşüləndir.

Bu iki markapın oxşar cəhətləri nədir?

  • Hər iki markap semantik markap olub əlavə məlumat ötürmə xarakterlidir.
  • Onların hər birinə kimlərinsə dediyi fikirləri mətn daxilində istifadə etdikdə ehtiyac duyulur.

Bəs onların fərqli cəhətləri nələrdir?

  • Blockquote elementi daxilində yazılmış paraqraf elə bir növ mətn hissəsidir ki, bütünlükdə ikinci bir şəxsin söylədiyi fikri əhatə edir. Yəni mətn daxilində mövzuya uyğun olmaq şərtiylə kiminsə fikirlərini söyləmək üçün bu elementdən istifadə olunur. Əlavə olaraq, başqasına istinad edilən elə bir nitqdir ki, bütünlükdə bir abzası hətta əhatə edə bilir. Lakin, q elementi hansısa bir mövzudan danışılarkən kiminsə bir abzaslıq nitq parçasına  deyil də kiçik bir dediyi fikrə münasibətini qeyd etmək üçün istifadə olunur.
  • Növbəti fərq ondadır ki, blockquote elementi daxilindəki mətn hissəsi nəzərə çarpılmaq üçün bütünlükdə qabağa doğru sürüşdürülmüş şəkildə, q elementi daxilində olan bir cümləlik fikir isə dırnaq içində (“”) istifadəçiyə təqdim olunur.
  • Daha sonrakı fərq isə ondadır ki, yuxarıda qeyd olunduğu kimi blockquote elementi böyük bir mətni əhatə etdiyinə görə onun açılış teqindən sonra <p> elementi, q elementi isə mətn daxilində kiçik bir hissəcik olduğuna görə <p> açılış teqindən sonra <q> açılış teqi yazılır.

3. Daha bir semantik markapla tanış olaq. Bu <abbr> elementidir. Bu elementi daha aydın başa düşmək üçün belə bir nümunəyə diqqət yetirək. Məsələn, istifadəçiyə cümlə daxilində bir abreviatura təqdim olunur (NASA). Bu zaman siçanı həmin abreviaturanın üzərinə gətirdikdə onun tam açılış yəni uzun forması yuxarıda balaca bir blok daxilində nəzərə çarpılır. Göründüyü kimi veb səhifənin strukturuna heç bir xələl yetirmədən sadəcə əlavə məlumat verməsi bir daha onun semantik markap olduğunu sübut edir. Bu elementdən istifadə etmək üçün sadə bir qayda izlənilməlidir. Belə ki, <abbr title= Doctor> Dr.<abbr> şəkilində yazılış həmin sözün tam versiyasını görmək üçün kifayətdir. Abbr elementinin açılış teqi daxilində yazılmış “title=” hissəciyindən növbəti dərslərdə bəhs olunacaqdır.

4. Hansısa bir qəzetdən, jurnaldan və kitabdan bir mövzuya istinad etdikdə, təbii ki o kitabın adını çəkmək vacibdir ki, müəllifə haqq qazandırmış olaq. Bu zaman yazıçının adı deyil də, kitabın adı <cite> elementi daxilində yazılmalıdır. İstifadəçiyə bu zaman kitabın adı İtalic formasında təqdim olunur.

5. İlk dəfə adı çəkilən terminləri, hansısa bir elm sahəsinə məxsus olub da hər kəs tərəfindən başa düşülməyən sözləri cümlə daxilində yazarkən <dfn> markapından istifadə edilməlidir, bir şərtlə ki, dərhal o sözdən sonra həmin terminin mənasi, yəni tərifi təqdim olunsun. Dfn elementi definition sözündən götürülmüş tərif mənasını verir, bu element daxilindəki termin qalın yəni Bold-laşdırılmış şəkildə istifadəçiyə təqdim olunur.

6. Bəzən mətn daxilində elə bir sözlərlə rastlaşırıq ki, mərkəzindən xətt çəkilmiş və ya altından xətt çəkilmiş olur. Bu o deməkdir ki, birinci söz yanlış, yanında altdan xətlənmiş söz isə onun yerinə istifadə olunacaq sözdür. Bu zaman səhv olan sözü <del> elementinin, düzgün versiyanı isə <ins> elementi daxilində yazmaq lazımdır. Buna daha çox Word dokumentlərində rast gəlinir. Del elementi delete sözündən götürülüb sil, ins elementi isə insert sözündən götürülüb daxil et mənasını verir. Bununla da onların funksiyasını daha aydın başa düşmək olur.

7. Daha bir semantik markap vardır ki, onun da istifadəçiyə təqdim olunma versiyası mərkəzindən xətt çəkilmiş formadadır. Bu <s> elementidir. Bu zaman ortaya belə bir sual çıxır ki, onun del elementindən fərqi nədədir? Qeyd olunduğu kimi del elementi sözün və ya ifadənin tamamilə yanlış olub işə yaramadığını göstərir. Lakin s elementi daxilində elə bir ifadələr yazılır ki, həmin ifadə yanlış deyil, sadəcə hal-hazırkı konteksə uyğun gəlmir və ya bir zamanlar qüvvədə olub, mövzuya tam uyğun olub, sadəcə olaraq  indi məqsədəuyğun deyildir. Məsələn, mağazalarda tez-tez endirim zamanı malın köhnə, yəni başlanğıc qiymətinin üstündən xətt çəkilib, endirimli qiyməti ilə təqdim olunduğu plakatlarla tez-tez rastlaşırıq. Başlanğıc qiymət yanlış deyildir, təbii ki bir zamanlar həmin mal üstündən xətt çəkilmiş qiymətdə olub, sadəcə indi artıq o qiymətdə deyil.